Türkiyənin Düzcə vilayətində iyirmi üç il bundan əvvəl baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi anılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 12-də Ankara vaxtı ilə saat 18:57-də Türkiyədə və Şimali Kipr Türk Respublikasında “Zəlzələ anı” adı altında ölkə təlimi keçirilib. Qeyd olunan saatda türk və ingilis dillərində “Həyat üçün xəbərdarlıq!” səsi yayılıb. Televiziya kanalları zəlzələ anında qorunmaq üçün maarifləndirici materiallar yayıblar.
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən təşkil olunan təlimin məqsədi həm zəlzələ qurbanlarının xatirəsini anmaq, həm də yeraltı təkanlar zamanı insan tələfatını azaltmaq məqsədilə maarifləndirmə aparmaqdır.
Xatırladaq ki, 1999-cu il noyabrın 12-də yerli vaxtla saat 18:57-də Türkiyənin Düzcə vilayətində Rixter cədvəli üzrə 7,2 bal gücündə dağıdıcı zəlzələ baş verib. Nəticədə Düzcə, Akçakoca, Cumayeri, Çilimli, Gölyaka, Gümüşova, Kaynaşlı və Yığılcada ümumilikdə 710 nəfər həyatını itirib, 2678 nəfər xəsarət alıb. Yeraltı təkan əhaliyə və dövlətə külli miqdarda maddi zərər vurub.