İndoneziya Prezidenti: Müharibəni dayandırmasaq, biz həm indiki, həm də gələcək nəsillər qarşısında məsuliyyət daşıyacağıq
Noyabrın 15-də İndoneziyanın Bali adasında G20 ölkələri liderlərinin növbəti ikigünlük sammiti öz işinə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qrupa daxil olan ölkə liderlərinin budəfəki görüşünün gündəliyində ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və səhiyyə ilə bağlı məsələlər yer alıb.
Sammitin ilk sessiyası ABŞ Prezidenti Co Baydenin görüş yerinə yubanması səbəbindən yarım saat gec başlayıb. Həmçinin sammitin başlanğıcında təşkil edilən liderlərin birgə fotosessiyasından da imtina edilib. Buna səbəb kimi Moskvanın Ukraynaya təcavüzünün davam etdiyi vaxtda Qərb ölkələri ilə Rusiya arasında davam edən gərginlik göstərilib. İndoneziyanın Rusiya və Ukrayna liderlərini sammitə dəvət etməsinə baxmayaraq, davam edən gərginlik fonunda Rusiyanı sammitdə xarici işlər naziri Serqey Lavrov təmsil edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin isə sammitə onlayn formatda qatılacağı gözlənilir.
Cari ildə G20 qrupuna sədrlik edən İndoneziyanın Prezidenti Coko Vidodo üzv ölkələrin liderlərini və digər təmsilçiləri Bali adasında salamlamaqdan məmnun olduğunu bildirib. Qeyd edib ki, görüş iştirakçıları yalnız öz xalqları qarşısında deyil, həm də bütün dünyadakı vəziyyətə görə məsuliyyət daşıyırlar.
“Biz hamımız yalnız öz xalqlarımız qarşısında deyil, həmçinin bütün dünya üçün məsuliyyət daşıyırıq. İndiki anda əsas vəzifə isə müharibənin dayandırılmasıdır. Əgər müharibə davam edərsə, dünyanın sonrakı inkişafı çətin olacaq. Müharibəni dayandırmasaq, biz həm indiki, həm də gələcək nəsillər qarşısında məsuliyyət daşıyacağıq”, - deyə İndoneziya Prezidenti qeyd edib.
C.Vidodo əlavə edib ki, dünya növbəti dəfə soyuq müharibənin ağuşuna yuvarlanmamalıdır və onu hissələrə parçalamaq olmaz.
Xatırladaq ki, G20 qrupuna G7 ölkələri olan ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Fransa və Yaponiya ilə yanaşı, Avropa İttifaqı, Argentina, Avstraliya, Braziliya, Çin, Hindistan, İndoneziya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika Respublikası və Cənubi Koreya daxildir.
G20 liderlərinin sammiti noyabrın 16-da işinə yekun vuracaq.