“Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsini simvollaşdırır”.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitindəki onlayn çıxışı zamanı deyib.
O bildirib ki, müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur.
“Xerson ölkəmizin cənubundakı ən mühüm şəhərlərdən biridir və Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəzdir. İndi isə Xerson azad edilib”, - Ukrayna lideri vurğulayıb.
V.Zelenskinin sözlərinə görə, artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər.
Qeyd edək ki, noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. V.Zelenski noyabrın 14-də Xersona səfər edib.