Qazaxıstanda növbədənkənar prezident seçkilərinin monitorinqində MDB PA-dan 67 müşahidəçi iştirak edəcək
Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə növbədənkənar seçkilərin müşahidəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti iştirak edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi MDB PA Şurası Katibliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, monitorinq qrupunun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan parlamentariləri, habelə MDB PA Şurası Katibliyinin nümayəndələri, o cümlədən MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun ekspertləri daxildir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası MDB Parlamentlərarası Assambleyasından cəmi 67 müşahidəçini akkreditə edib.
Qrupun əlaqləndirici vəzifəsinə Tacikistan Parlamentinin aşağı palatasının vitse-spikeri Dilrabo Mansuri təyin edilib.
Müşahidəçilər seçkilərin qısamüddətli monitorinqinə noyabrın 18-də başlayacaqlar. Həmin gün Qazaxıstan prezidenti vəzifəsinə namizədlərlə və həmin namizədlərin qərargah nümayəndələri ilə görüş planlaşdırılır.
Noyabrın 19-da Qazaxıstan Mərkəzi Seçki Komissiyasında, parlamentdə və Xarici İşlər Nazirliyində müşahidəçilərin görüşləri nəzərdə tutulur.
Noyabrın 20-də seçki məntəqələri açılan andan monitorinq qrupunun üzvləri səsvermənin gedişini müşahidə edəcəklər.
Noyabrın 21-də qrupun əlaqələndiricisi və MDB PA Şurasının baş katibi Dmitri Kobitski MDB Müşahidəçilər Missiyasının yekun mətbuat konfransında iştirak edəcəklər.
MDB PA-dan olan müşahidəçilər Astanada, Almatıda, Taldıkorqanda, habelə MDB ölkələrinin şəhərlərində, həmçinin Paris Roma, Pekin, Seul, Buxarest, Antalya və İstanbulda təşkil edilmiş xarici seçki məntəqələrində seçkilərin monitorinqini aparacaqlar.