Noyabrın 15-də Ukraynanın əsasən enerji infrastrukturuna qarşı həyata keçirilən raket hücumu Rusiyaya təxminən 1 milyard dollara başa gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna mətbuatında yayılan məlumatlarda atılan raketlərin çeşidi və xarakteristikası barədə statistika yer alıb.
Beləlikə, noyabrın 15-də Ukrayna ərazisinə 96 ədəd qanadlı raket atılıb ki, onların da 75-i vurulub. Bunların içərisində “X-101”, “X-555” və “Kalibr” raketləri olub. Bundan əlavə, xeyli sayda idarə olunan “X-59” aviasiya raketləri, eləcə də İranın "Shahed-136/131", Rusiyanın "Orion" və "Orlan-10” dronlarından istifadə olunub.
Məlumatda qeyd olunur ki, “X-101” raketinin bir ədədinin qiyməti 13 milyon dollar, “Kalibr” raketi 6,5 milyon dollar, “X-555” isə 7.5 milyon dollardır. “X-59”-un birinin qiyməti 300 min dollardır.
Bundan əlavə, İran dronlarının qiyməti 20-50 min dollar arasında dəyişir. Rusiya istehsalı olan “Orlan-10” 100 min dollar, “Orion” isə 30 milyon dollardır. Son raket hücumunda bir ədəd “Orion”un vurulduğu da qeyd edilir.
Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə noyabrın 15-də baş verən terror hücumu zamanı Rusiyanın istifadə etdiyi raket və PUA-ların dəyəri 524-994 milyon dollar aralığındadır.
Beləliklə, işğalçı ölkənin raketləri Ukraynaya ölüm və dağıntı gətirdiyi kimi, Rusiya iqtisadiyyatına da milyardlarla dollar ziyan vurur.