“Pəncə-Qılınc” əməliyyatı nəticəsində indiyədək 89 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində İraq və Suriyanın şimalında ümumilikdə 89 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan böyük ölçüdə istifadə edilib.
Qeyd edilib ki, əməliyyatın əsas məqsədi terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimaldan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaqdır.
Əməliyyat terrorçular tərəfindən Türkiyəyə qarşı hücumların əsas yerləşmələrinin olduğu İraqın şimalında Qəndil, Asos, Hakurk bölgələrində, Suriyanın şimalında isə Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrinə hücumlar üçün baza kimi istifadə edilən bölgələrdə uğurla həyata keçirilib. Əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, guya qərargah və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, eləcə də ölkəmizi, millətimizi və sərhəd təhlükəsizliyimizi təhdid edən çoxlu sayda terrorçu zərərsizləşdirilib.