Artvin bölgəsində yeni inşa edilən “Yusifəli” su anbarı və su elektrik stansiyası (SES) böyüklüyünə görə, Türkiyədə birinci, dünyada beşinci yerdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə noyabrın 22-də SES hövzəsində su toplanmasına başlanması münasibətilə mərasim keçirilməsi gözlənilir.
“Yusifəli” SES-in bəndinin qövsvari uzunluğu 275 metrdir. 2018-ci il iyulun 11-də təməli atılan bəndin tikintisində ümumilikdə 4 milyon 61 min kubmetr beton işlədilib. Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. Yolun üzərində 39 tunel və 19 körpü var.
SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq.