Qətərin Əl-Xor şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi görüşüblər. Ayaqüstü salamlaşan dövlət başçıları əl tutub söhbət ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, görüş noyabrın 20-də Qətərin Əl-Xor şəhərindəki “Əl Bayt” stadionunda futbol üzrə XXII dünya çempionatının açılışında baş tutub.
Agentlik Türkiyə Prezidentinin digər dövlət və hökumət başçıları, eləcə də Misir rəhbəri ilə səmimi görüşlərinə dair fotolar yayıb.
Qeyd edək ki, Türkiyə-Misir münasibətlərində normallaşma istiqamətində atılan addımlar regional proseslər üçün mühüm xarakter daşıyır. Xüsusilə Türkiyə-Misir münasibətlərindəki yaxınlaşma rəsmi Ankaranın Aralıq dənizi siyasəti üçün vacib əhəmiyyətlidir. Ona görə də, Türkiyə və Misir Prezidentləri arasındakı keçirilən bu ilk görüşün iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsir edəcəyini söyləmək mümkündür.