Türk milləti ilə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən olmasın, niyə yenidən başlamasın? Biz buna işarə etdik. Ümid edirəm ki, nazirlərimizlə başlayan prosesi daha sonra yüksək səviyyəli danışıqlarla yaxşı bir səviyyəyə çatdıracağıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.
Gündəlikdə olan digər məsələlərdən, eləcə də Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatının səbəb və nəticələrindən bəhs edən dövlət başçısı vurğulayıb ki, lazım olduğu təqdirdə, antiterror əməliyyatları aviasiya zərbələri ilə məhdudlaşmayacaq.
Xatırladaq ki, noyabrın 20-də Qətərin Əl-Xor şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında qısa görüş olub. Futbol üzrə dünya çempionatının açılışı çərçivəsində baş tutan görüş regional proseslərdə əsaslı dönüş vəd edir.