Mayın 6-da futbol üzrə Türkiyə Superliqasının XXXII turunda çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” komandası “Bursaspor” kollektivini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, görüş turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı ikinci hissənin 69-cu dəqiqəsində Furkan Soyalpın vurduğu qolla qonaqlar açıblar. Lakin meydan sahibləri əzmkarlıq göstərərək rəqiblərini məğlub etməyi bacarıblar. Əvvəlcə 71-ci dəqiqədə “Fənərbağça”nın sabiq futbolçusu Musa Sou topu öz qapısından keçirib. Oyunun sonlarında isə Fernandao komandasının qələbə topunu vurub.
Bu görüşdən sonra “Fənərbağça” komandası xallarının sayını 66-ya çatdıraraq turnir cədvəlində “Başakşehir” kollektivini qabaqlayıb və ikinci sıraya yüksəlib.
Gərginliyi ilə yadda qalan matçda baş hakim Fırat Aydınus “Bursaspor”un iki futbolçusuna və baş məşqçisinə qırmızı vərəqə göstərib.
Turun maraqla gözlənilən digər qarşılaşmasında lider “Qalatasaray” səfərdə “Akhisarspor”la qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan “Qalatasaray” çempionluğa doğru daha bir addım atıb.
Görüşdə hesab oyunun əvvəllərində açılıb. Matçın 15-ci və 18-ci dəqiqələrində “Cim-bom”un futbolçusu Qery Rodriqes dubla imza atıb. Otuz üçüncü dəqiqədə meydan sahiblərinin futbolçusu Soner Aydoğdu qonaqların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. Lakin 51-ci dəqiqədə “Akhisarspor” hesab arasındakı fərqi azaldıb. “Qalatasaray”lı Serdar Əziz avtoqola imza atıb. Oyunun sonlarında isə “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, bu oyundakı qələbə sayəsində “Qalatasaray” xallarının sayını 69-ya çatdırıb və Superliqadakı liderliyini qoruyub. Hesablarında 66 xal olan “Fənərbağça” və “Başakşehir” turnir cədvəlində ikinci və üçüncü yerləri bölüşürlər. Bu komandalardan üç xal geridə olan “Beşiktaş” dördüncü sırada qərarlaşıb. “Trabzonspor” 49 xalla beşincidir.
Qeyd edək ki, tur çərçivəsində keçirilmiş digər oyunlarda çempionluq uğrunda yarışan komandalardan "Başakşehir" komandası öz meydanında “Sivasspor”la heçə-heçə edərək çempionluq yolunda vacib xallar itirib.
Tura mayın 7-də keçiriləcək “Beşiktaş” – “Kayserispor” və “Göztəpə” – “Yeni Malatyaspor” oyunları ilə yekun vurulacaq.