Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində indiyədək 184 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir əməliyyatın İraqın şimalında Qəndil, Asos, Hakurk, Suriyanın şimalında isə Arap bulağı, Münbiç, Zor Mağara bölgəsi, Tel Rıfat, Cizirə və Derik bölgələrində təyyarələr və yerdən atəşə dəstək vasitələri ilə aparıldığını deyib.
Fəaliyyətlərin Prezident Rəcəb Tayyib Ərdoğanın “terrorun mənbəyində məhv edilməsi” göstərişi çərçivəsində həyata keçirildiyini vurğulayan nazir Akar bildirib ki, əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, guya qərargah və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib.
Nazir bu fəaliyyətlərin son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini deyib.
Qeyd edək ki, Hulusi Akar Quru Qoşunları Əməliyyat Mərkəzindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonda danışaraq, ölkə başçısına yerdən və havadan vurulan hədəflər, davam edən fəaliyyətlər və zərərsizləşdirilən terrorçular haqqında məlumat verib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında keçirilən əməliyyatın əsas məqsədi terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimaldan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaqdır.