NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb. İşğalçı ölkənin məşhur psixoloqu Mirdat Madayan bildirir ki, Ermənistanda vəziyyət daha ağır hədd alacaq.
“Hazırda ölkədə bütün sahələrdə özbaşınalıqdır”. Bu barədə Ermənistanın “İravunq” nəşri yazır. Belə qənaətə isə işğalçı ölkənin məşhur psixoloqu Mirdat Madayan gəlib. Onun sözlərinə görə, Ermənistanda məktəblər haqqında danışmağa dəyməz. Çünki bu ölkədə elm və təhsil naziri Arayik Arutunyan marixuananın leqallaşdırılmasının tərəfdarıdır. Sitat: “Mən məktəbə uşaq göndərmək istəmirəm. Qorxuram ki, ona marixuananın niyə zərərli olduğunu başa sala bilməyim”. O, təhsil nazirinə narkotik maddələrin leqallaşdırılması əvəzinə məktəblərdəki problemləri aradan qaldırmağı tövsiyyə edib. 20 ilə yaxındır Ermənistanda şagirdlər qəzalı binalarda təhsil alırlar.
Hökumət büdcədə vəsait çatışmadığını bəhanə gətirərək bu sahədə yenidənqurma işləri həyata keçirmir. Nəticədə infrastruktur tamamilə sıradan çıxıb. Ermənistan təhsilində daha bir poblem isə şagird çatışmazlığı ilə bağlıdır. Bunun bir səbəbi miqrasiya ilə bağlıdır. Digər tərəfdən isə valideynlər soyuq, qəzalı binalarda uşaq oxutdurmaq istəmirlər. Ona görə də son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi bağlanmalı olub. Ermənistanın “Hetq” xəbər portalının məlumatına görə, elə məktəblər var ki, orada cəmi 7 nəfər oxuyur. Məsələn, bir neçə kəndi əhatə edən Taşir inzibati dairəsinin ərazisində məktəbdə ikinci sinfə yalnız 1 şagird gedir. Psixoloq Mirdat Madayan bildirir ki, səhiyyə sahəsində də vəziyyət eynidir. Ölkənin səhiyyə sisteminə nəzarət edən Arsen Torosyan uşaq tabutlarının istehsalının artırılması haqqında olduqca çox danışır. “Və belə bir insan Ermənistan səhiyyəsinə rəhbərlik edir. Üstəlik hər iki nazir Paşinyan komandasının fəal üzvüdür”, - deyə psixoloq qeyd edir.