ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə paketi təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-nə istinadla xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
"Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq və Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməklə və əsas dövlət xidmətlərini dəstəkləməklə Rusiyanın qeyri-qanuni müharibəsindən müdafiə etməyə kömək edəcək", - deyə C.Yellen deyib.
Nazir bildirib ki, vəsait xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarına, həmçinin pensiyalara yönəldiləcək.
ABŞ maliyyə nazirinin sözlərinə görə, yeni yardım paketi Ukraynanın ümumi birbaşa büdcə dəstəyini 13 milyard dollara çatdıracaq.
C.Yellen vurğulayıb ki, biz digər donorları Ukraynaya yardımlarını artırmağa və sürətləndirməyə təşviq edirik.