Böyük Britaniya hökuməti Kiyevə üç ədəd “Sea King” helikopteri verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “The Times” qəzeti bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə istinadla məlumat yayıb.
Bu, Böyük Britaniyanın Ukraynaya pilotlu uçan aparatların ilk tədarükü olacaq. Helikopterlər Kiyevə yeni hərbi yardım paketinin bir hissəsi olaraq çatdırılacaq. London həmçinin Ukrayna Silahlı Qüvvələrini 10 min artilleriya mərmisi ilə təmin edəcək.
Ukrayna hərbçiləri 2018-ci ildə Kral Hərbi Dəniz Qüvvələrinin arsenalından çıxarılan helikopterləri idarə edərək altı həftəlik təlim proqramı keçib.
“Westland WS-61 Sea King” helikopterləri həm axtarış-xilasetmə, həm də kəşfiyyat əməliyyatları üçün istifadə edilə bilər. Bu model Folklend, Körfəz, Balkan və İraq müharibələri zamanı geniş istifadə olunub. Hazırda onların istehsalı dayandırılsa da, tədarükün dəyəri təxminən 5 milyon funt-sterlinqə (təxminən 6 milyon dollar) bərabərdir.
Böyük Britaniya bundan öncə Ukraynaya modernizə edilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri, 7 minə yaxın tank əleyhinə NLAW raket kompleksi, 100-dən çox zirehli texnika, “Starstreak” raketləri ilə təchiz edilən “Stormer” özüyeriyən zenit qurğuları, onlarla M109 haubitsası və yedəkli L119 topları, M270 yaylım atəş sistemləri, 16 mindən çox artilleriya mərmisi və 4,5 ton plastik partlayıcı göndərib. Həmçinin Böyük Britaniya hökumətinin Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün orta mənzilli AIM-120 (Advanced Medium Range Air-to-Air Missile, AMRAAM) raketləri, 125 zenit topu, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika tədarük edəcəyi məlum olub.
Bundan başqa, London hər dörd aydan bir 10 min ukraynalı əsgərə üç həftəlik təlim kursları təşkil edəcək. Son məlumata görə, britaniyalı təlimatçılar artıq Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox hərbçisinə təlim keçib.