Eyniadlı sosial şəbəkənin sahibi olan “Tviter” kompaniyası Brüsseldəki ofisini bağlayıb. Kompaniyanın bu addımı kiberməkanda təhlükəsizlik məsələləri ilə bağlı Avropa İttifaqı ölkələrinin narahatlığına səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi “Financial Times” nəşrinə istinadla xəbər verir ki, Brüssel ofisinin rəhbərliyi noyabrın əvvəlində “Tviter”in 7,5 minə yaxın əməkdaşının təxminən yarısının işdən çıxarılması ilə nəticələnən kütləvi ixtisarlar zamanı kompaniyanı tərk edib. Həmçinin ötən həftə Avropada rəqəmsal siyasət şöbəsinin rəhbərləri “Tviter”dən ayrılıb.
İxtisarlar online kontentə nəzarət etmək üçün hazırlanan yerli qanunların tətbiqinə nəzarətlə bağlı Avropa İttifaqının artan narahatlığına səbəb olub. Bu öhdəliklərin yerinə yetirilməməsi hüquqi vəsatətlərə və tənzimləyici tədbirlərə səbəb ola bilər.
Xatırladaq ki, oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan “Tviter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, kompaniyanı satın aldıqdan dərhal sonra rəhbərliyin bir sıra üzvlərini işdən çıxarıb, bir müddət sonra isə ştatı, demək olar ki, yarıya qədər ixtisar edib.