Misirin qanunverici orqanının aşağı palatasının iclasında Avropa Parlamentinin Misirdə insan hüquqları və azadlıqları ilə bağlı qətnaməsinə etiraz edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, misirli deputatlar Avropa Parlamentinin qərarının “yanlış məlumatlara əsaslanan, həqiqətdən və reallıqdan uzaq” olduğunu bildiriblər. Misirin Nümayəndələr Palatasının bəyanatında qeyd olunub ki, Avropa Parlamentinin sözügedən qətnaməsi tamamilə qərəzlidir və insan hüquqları sahəsində son islahatları əks etdirmir. “Bu qətnamə, həmçinin suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməsini qadağan edən BMT Konvensiyasına ziddir. Eyni zamanda avropalı parlamentarilər bu cür mühüm qərarı qəbul etməzdən əvvəl misirli həmkarlarından real vəziyyəti öyrənməli idilər”, -deyə Misirin Nümayəndə Heyətinin bəyanatında vurğulanıb.
Qeyd edək ki, Avropa Parlamenti Britaniya və Misir vətəndaşı olan hüquq müdafiəçisi Alaa Əbdel-Fəttahın dərhal həbsdən azad olunması və ümumilikdə, insan hüquq və azadlıqlarının təmin edilməsinin zəruriliyi barədə qətnamə qəbul edib. Misir isə bu sənədin siyasi və qərəzli mahiyyətli olduğunu bildirib.