Prezident Ərdoğan: Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda, biz qışı rahat bir şəkildə qarşılayırıq
Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda, şükürlər olsun ki, biz içimiz rahat bir şəkildə qışı qarşılayırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya vilayət təşkilatının geniştərkibli toplantısındakı çıxışında səsləndirib.
Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, “1915 Çanaqqala” körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul kanalı layihəsi də həyata vəsiqə qazanacaq.
Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gerçəkləşən “taxıl dəhlizi”nin fəaliyyətindən bəhs edən Prezident Ərdoğan deyib: “İndi də buğdanı alıb, üyüdüb, hasil etdiyimiz unu kasıb ölkələrə göndərmək üçün hazırlıq mərhələsindəyik”.
Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Türkiyənin milli pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın kütləvi istehsalına başlanacaq.