İndoneziyada bir həftə əvvəl baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə noyabrın 27-də ANTARA agentliyi Təbii Fəlakətlərə Qarşı Mübarizə Agentliyinə istinadla məlumat yayıb. Bununla yanaşı, hələ də 14 nəfərin itkin düşdüyü bildirilir.
Həmçinin agentliyin məlumatında qeyd edilir ki, təbii fəlakət nəticəsində 7729 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, eyni zamanda 73 mindən çox insan hələ də evlərinə qayıda bilmir.
Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib. Yeraltı təkanların episentri paytaxt Cakartadan cəmi 74 kilometr cənub-şərqdə, ocağı 5 kilometr dərinlikdə yerləşib.