Toplantının nəticələrinin İslam aləmi və bütün dünya üçün xeyirli olmasını diləyirəm. Ədalət, sülh və əmin-amanlıq yolunda göstərilən səylərə görə hər bir kəsə təşəkkürümü bildirirəm. Müsəlmanlar ailələrindən başlayaraq bütün dünyanın rifahı üçün məsuldurlar.
Bu baxımdan dünyada baş verən qarşıdurmalar, aclıq və yoxsulluğun məsuliyyəti hər birimizin üzərindədir. Mədəniyyət və yaşadığımız torpaqlar fərqli olsa da, hamımız eyni dinin mənsublarıyıq. Lakin buna baxmayaraq hər ailədə olduğu kimi, bizdə də fikir ayrılıqları ola bilir. Bunları təbii həyatın axışı kimi gördüyümüz və həlli yolunda addımlar atdığımızda böyüdülməyəcək məsələlər olmadığını görürük.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Təşkilat daxilində keçirilən hər bir tədbirə böyük dəyər verdiklərini qeyd edən Türkiyə Prezidenti bildirib ki, il boyu həyata keçirilən bu tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini görürük.
COVID-19 pandemiyasının dünyanın əsl üzünü ortaya çıxardığını qeyd edən Türkiyə Prezidenti bəzi ölkələrin bundan gəlir əldə etməyə çalışdığının da görüldüyünü dedi. Bildirilib ki, Türkiyə bu çətin günlərdə köməyə ehtiyacı olan hər kəsə öz əlini uzatdı. Belə ki, yardım tələbi edən 161 ölkə və 12 beynəlxalq təşkilata bu tibbi kömək göstərilib. Türkiyə hazırladığı peyvəndi dünya ilə paylaşdı, bunlara Afrika ölkələri də daxildir.
Bununla yanaşı, bölgəmizdə sülh və əmin-amanlığın bərpası üçün səmimiyyətlə səylər göstərilir. Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaya son verilməsi üçün ilk gündən etibarən səylərimizi sıxlıqla davam etdiririk. Qara dəniz üzərindən həyata keçirilən taxıl dəhlizi və əsir dəyişikliyi ilə bu problemin diplomatik yollarla həllinin mümkün olduğunu göstərdik. Yoxsul ölkələr başda olmaqla qida böhranı yaşayan dövlətlərə qara dəniz və boğazlarımız üzərindən 11 milyon tondan çox qida məhsulu daşınıb. Əldə olunan razılıqla bu dəhlizin fəaliyyəti daha 120 gün uzadılıb.
Qeyd edilib ki, dünyada pandemiya ilə başlayan və qarşıdurmalarla davam edən iqtisadi böhran daha da ağırlaşmağa davam edir. İnflyasiya və işsizlik rəqəmləri son 50-60 ilin ən yüksək nöqtəsinə çatıb. Bunun nəzarət altına alınması ilə bağlı səylər hələ də bir nəticə verməyib. Vaxtında tədbirlərimizi alsaq da, Türkiyə olaraq müəyyən qədər biz də bu böhrandan təsirlənirik. İƏT olaraq əməkdaşlığımızın artırılması böhrandan birgə çıxmağımıza köməklik göstərəcək.
Rəqəmsal əməkdaşlığın da vacib və mühüm olduğunu vurğulayan Türkiyə Prezidenti bildirib ki, son illər ağırlaşan iqtisadi şərtlər bəzi ölkələrdə islamofobiyanın artdığını göstərir. Bu münasibət insanların demokratik həyatına, dininə müdaxilədir.
Terrorla mübarizəyə toxunan Türkiyə Prezidenti son terrorçu məhv olunana qədər bunun davam edəcəyini deyib.
Tədbir Türkiyə Prezidentinin sədrliyi ilə çıxışlarla davam edib.