Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov Türkiyəyə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Ankarada görüşüblər.
İki qardaş və dost ölkənin nazirləri sonradan heyətlərin iştirakı ilə bir araya gəliblər.
Nazirlər birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən enerji və nəqliyyat sahəsində layihələr, ticarət əlaqələrinin yüksəldilməsi və digər məsələlər müzakirə edilib.
Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci Aktau üçtərəfli görüşünün nəticələri barədə həmkarına məlumat verdiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, tərəflər Türkiyə, Azərbaycan və Türkmənistan üçtərəfli görüşünə hazırlıq işlərini müzakirə ediblər. Türkiyəli nazir Türkmənistanın Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi təmsilçiliyindən məmnunluğunu ifadə edib.
Türkmənistan xarici işlər naziri Rəşid Meredov vurğulayıb ki, regional proseslər, bu çərçivədə çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də nəqliyyat və energetika sahəsindəki layihələr hər iki ölkə üçün prioritetdir.
Türk Dövlətləri Təşkilatının fəaliyyətini yüksək dəyərləndirən nazirlər əminliklə bildiriblər ki, üzv ölkələr arasında dinamik münasibətlər əməkdaşlıq əlaqələrinin genişlənməsinə, regional münasibətlərə əhəmiyyətli təsir göstərir.