Slovakiyanın Müdafiə Nazirliyi BMP1 piyada döyüş maşınlarının Ukraynaya təhvil verildiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nadya tviter səhifəsində Ukraynanın artıq 30 BMP1 piyada döyüş maşınını təhvil aldığını yazıb.
"Mən Almaniya ilə bağlanmış müqavilə əsasında Slovakiyanın 30 BMP1-nin Ukraynaya verildiyini təsdiqləməyə şadam”, - deyə müdafiə naziri əlavə edib.
Qeyd edək ki, BMP1 döyüşdə tanklarla birgə əməliyyatlar və şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş piyada döyüş maşınıdır. Döyüş maşını ilk dəfə 1966-cı ildə SSRİ tərəfindən istehsal edilib. Əfqanıstandakı müharibədə və bir çox digər hərbi münaqişələrdə istifadə edilib. Sonradan BMP1-in bazasında BMP2-nin təkmilləşdirilmiş modelinin istehsalına başlanıb.