Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bərpası üçün tələb olunan vəsaitin miqdarını açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, Ukraynanın müharibədən sonrakı bərpası üçün 1 trilyon dollardan çox vəsait tələb olunur, ona görə də müəyyən şəhər və rayonları himayə altına ala biləcək prosesə tərəfdaş ölkələr də cəlb olunacaq.
"Artıq biz onlarla tərəfdaş ölkəni Ukraynanın bərpasına cəlb edirik. Ümumi işlərin həcmi bir trilyon dollardan çoxdur", - o deyib.
Zelenski əlavə edib ki, himayə sistemi sayəsində ölkələr və şirkətlər konkret bölgələri, şəhərləri, əraziləri və ya müəssisələri bərpa etməyə başlaya bilərlər. Fransa, Böyük Britaniya, Niderland, Almaniya, Danimarka, Finlandiya, Polşa, Portuqaliya, İtaliya, Türkiyə, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya belə bir sistemə maraq göstərib.
Xatırladaq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya yardımın yeni formasını - qardaşlaşmış şəhərlərin cəlb olunmasını təklif edib.