Pentaqon Ukrayna üçün NASAMS hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə milyard dollarlıq müqavilə imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.
“Raytheon Co” kompaniyası Ukrayna üçün qabaqcıl hava hücumundan müdafiə sistemlərinin, həmçinin müvafiq avadanlıqların, ehtiyat hissələrinin istehsalı və xidmətlərin göstərilməsinə dair 1,216 milyard dollarlıq sifariş alıb”, - məlumatda belə deyilir.
Eyni zamanda istehsalın Massaçusets ştatının Tüksberi şəhərində həyata keçiriləcəyi və 2025-ci il noyabrın 28-dək başa çatacağı qeyd olunur. Müqavilənin maliyyələşdirilməsi üçün vəsait “Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü” layihəsi çərçivəsində ayrılıb.
Ukrayna Silahlı Qüvvələri NASAMS sistemindən istifadəni artıq mənimsəyib və onların bir neçəsini döyüş növbəsinə qəbul edib. Kiyev bildirib ki, döyüş növbəsinin başlandığı ilk günlərdə bu sistemlərin on buraxılışı ilə on raket sıradan çıxarılaraq 100 faizlik nəticəyə nail olunub.