Birləşmiş Millətlər Təşkilatının (BMT) Venesueladan olan qaçqınlar və miqrantlar üçün idarələrarası əlaqələndirmə platforması (R4V) Latın Amerikasında və Karib hövzəsində məskunlaşan venesuelalı qaçqın və miqrantların əsas tələbatlarının təmin edilməsi məqsədilə 2023-cü il üçün təqribən 1,63 milyard avro həcmində regional plan hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin qaçqınlar üzrə agentliyi və Beynəlxalq miqrasiya təşkilatının başçılıq etdiyi R4V-nin platformasının bəyanatına görə, bu fövqəladə vəziyyət başladıqdan bir neçə il keçməsinə baxmayaraq, milyonlarla venesuelalı qaçqının əvvəlki kimi gündə 3 dəfə qidalanmaq imkanı, münasib və ya təhlükəsiz evləri yoxdur. Onlar tibbi xidmətdən istifadədə və işə düzəlməkdə müxtəlif maneələrlə qarşılaşırlar.
Təqribən 1,63 milyard avro həcmində vəsait humanitar tələbatların ödənməsinə istiqamətlənəcək, qaçqın və miqrantları qəbul edən ölkənin səylərini tamamlayacaq və dəstəkləyəcək.
7 milyondan çox venesuelalı qaçqın və miqrant təhlükəsizlik və sabitlik axtarışında öz ölkələrini tərk edib. Onların əksəriyyəti – təxminən 6 milyon nəfər Latın Amerikası və Karib hövzəsinin 17 ölkəsində yaşayır.