Kontent moderasiyası ilə bağlı Avropa İttifaqının qaydalarına əməl edilməyəcəyi təqdirdə tviter sosial şəbəkəsinə qadağa tətbiq edilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu daxili bazar üzrə Avropa komissarı Terri Breton “Funke” media qrupuna müsahibəsində deyib.
“Sosial şəbəkə İlon Mask tərəfindən alındıqdan sonra onu yaxından izləyirik. Əminəm ki, onlar Avropa qaydaları ilə işləyəcək”, - deyə komissar bildirib. “Aydın məsələdir ki, tviter qaydalara əməl etməsə, onları cərimələyə bilərik. Qaydaların pozulması davam edərsə, sosial şəbəkəni Avropadan çıxara bilərik”, - Terri Breton əlavə edib.
Bir müddət öncə “Financial Times” qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, Terri Breton sosial şəbəkənin hazırkı sahibi İlon Maskdan əvvəllər bloklanmış istifadəçilərin sosial şəbəkəyə girişinin bərpa olunması siyasətindən və dezinformasiyanın “aqressiv” təşviqindən əl çəkilməsini, həmçinin miqyaslı müstəqil auditə razılıq verilməsini istəyib. İlon Mask isə öz növbəsində Avropa İttifaqının yeni qanunvericiliyini “çox ağlabatan” adlandırıb.
Xatırladaq ki, oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkənin məxsus olduğu tviter kompaniyasını almaq üçün 44 milyard dollarlıq müqavilə imzalayıb.