BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynada müharibənin davam etməsinin bu ölkədə daxili köçkünlərin və Avropa İttifaqı istiqamətində qaçqınların sayının yaxın gələcəkdə artacağından narahatdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Filippo Qrandi mətbuat açıqlamasında bildirib. Onun sözlərinə görə, ən mümkün ssenariyə görə Ukrayna daxilində yeni köç dalğası baş verə bilər. Böyük qaçqın dalğasının baş verməyəcəyinə ümid bəsləyən F.Qrandi müharibənin gedişatının əvvəlcədən hesablanması mümkün olmayan nəticələrini də qeyd edib.
BMT rəsmisi qış aylarında qaçqınların qəbulu ilə bağlı vəziyyətin fərqli məcrada inkişafını da mümkün hesab edib. O bildirib ki, mart ayından fərqli olaraq, indi daha çox dövlət binalarını qaçqınların sərəncamına vermək lazım gələcək və bundan başqa Polşa və Çexiya kimi çiyinlərində ağır yük daşıyan ölkələrə əlavə dəstək göstərilməlidir.
F.Qrandi hələ noyabrda bəyan etmişdi ki, müharibə başlayandan Ukraynada 14 milyondan artıq insan ev-eşiyini tərk etməli olub. Onlardan səkkiz milyon nəfəri ölkə hüdudlarından kənarda sığınacaq tapıb.