“Sony” korporasiyasının baş texnoloqu Hiroaki Kitano kompaniyanın insanabənzər robotların istehsalına hazır olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hiroaki Kitano bunu Reuters agentliyinə müsahibəsində deyib.
“Dünyanın bir neçə kompaniyası, o cümlədən “Sony” perspektivi aydınlaşan kimi insanabənzər robotların tez bir zamanda istehsalı üçün kifayət qədər texnologiyaya malikdir”, - deyə o bildirib.
Məişət və peşəkar elektronika məhsulları istehsal edən və maliyyə xidmətləri göstərən “Sony” kinofilmlər, televiziya və musiqi proqramları, videooyun konsolları və kompüter oyunları hazırlayan törəmə şirkətləri ilə dünyanın ən böyük media korporasiyalarından biridir. Korporasiya “Sony Music Entertainment” səsyazma markasına, “Columbia Pictures” və “TriStar Pictures” kinostudiyalarına, həmçinin MGM studiyasının filmlərinin tam arxivinə (ABŞ-ın “Comcast” kompaniyası ilə müştərək) sahibdir.
Holdinqin digər bölmələri müxtəlif maliyyə xidmətləri - müxtəlif sığorta növləri, lizinq fəaliyyəti və kreditləşmə ilə məşğul olur.