Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak G7 ölkələrinin səfirləri ilə görüşdə dövlət başçısı Volodimir Zelenskinin təklif etdiyi sülh formulunu təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yermak dekabrın 9-da G7 səfirləri ilə söhbətində qeyd edib ki, Ukraynaya açıq sülh planı lazımdır.
O, rəsmi diplomatlara planı təşkil edən məqamlar barədə ətraflı məlumat verib və vurğulayıb ki, Ukrayna bütün beynəlxalq görüşlərdə, dəyirmi masalarda sülh formulunu təbliğ edir.
Andrey Yermakın sözlərinə görə, Ukraynanın sülh formulu elə qurulub ki, müharibəyə son qoyulsun və təcavüzün təkrarlanması, ərazilərin ələ keçirilməsi, həmçinin nüvə, ərzaq şantajı və ətraf mühitə ziyan vurulması mümkünsüz olsun.
Yermak bildirib ki, Ukrayna G7-yə üzv ölkələrin sülh formulunun dəstəyinə ümid edir və dövlətləri onun müəyyən bəndlərinin həyata keçirilməsində lider olmağa dəvət edir.
"Bundan əlavə, biz formulun həyata keçirilməsi üzərində işləmək üçün diplomatik prosesin başlanmasına təşəbbüs göstərəcəyik. İlk praktiki addım liderlərin sülh naminə birlik nümayiş etdirmək üçün görüşü ola bilər", - deyə Yermak bildirib.