Finlandiya və İsveç parlamentlərinin sədrləri NATO-ya üzvlüklə bağlı məsələləri müzakirə etmək üçün yanvar ayında Türkiyəyə səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop CNN Türk telekanalının efirində deyib.
"İsveç və Finlandiya Türkiyəyə bir sıra vədlər verib. Yanvar ayında hər iki ölkənin parlament sədrləri Türkiyəyə səfər edəcək. İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün konkret addımlar atmalıdır. Bundan sonra Türkiyə onların NATO-ya üzvlük məsələsi ilə bağlı qərar verəcək”, - deyə Mustafa Şentop bildirib.
İyulun əvvəlində Finlandiya və İsveçin xarici işlər nazirləri, eləcə də Şimali Atlantika Alyansına üzv olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki dövlətin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıblar. Sənədlər alyansın bütün ölkələri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm NATO-ya daxil ola biləcək.
Hazırda alyansın üzvü olan 30 ölkəsindən yalnız ikisi, Macarıstan və Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbul olunması barədə protokolu ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholm və Helsinkidən Türkiyəyə qarşı terror fəaliyyətində, həmçinin 2016-cı il dövlət çevrilişi cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edib. Onların arasında əvvəllər NATO-nun beynəlxalq strukturlarında çalışan, sonradan isə Finlandiya və İsveçdən sığınacaq alan sabiq türk hərbçilər də var.