ABŞ bu həftə Ukraynaya ən son model “Patriot” raketdən müdafiə sistemləri verilməsi ilə bağlı qərar qəbul edəcək. “Patriot” ABŞ-ın ən mükəmməl hava hücumundan müdafiə sistemlərindən biridir. “Raytheon Technology”nin bu məhsulu raketləri tutmaq üçün dünyada ən mükəmməl vasitələrdən hesab edilir.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters” agentliyinə istinadla bildirir ki, Tramp administrasiyası dövründə Ağ Evdə Ukrayna üzrə kurator olmuş Aleksandr Vindman bu addımın Rusiya-Ukrayna müharibəsində xeyli dəyişikliyə səbəb olacağını deyib: “Patriot” ukraynalıların üzləşdiyi bir çox müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər uğurlu olacaq, xüsusən də rusların İrandan qısamənzilli ballistik raket alması fonunda”.
Pentaqon bildirir ki, son günlər Rusiyanın Ukraynaya raket zərbələrinin xeyli artması Kiyevin hava hücumundan müdafiə sistemlərini tükəndirmək məqsədi daşıyır. Bu səbəbdən ABŞ və müttəfiqləri Kiyev üçün daha çox hava hücumundan müdafiə sistemi təchiz edir, Ukrayna ordusunu Sovet dövründən qalma texnikalardan tutmuş daha müasir Qərb sistemlərinə qədər hər vasitə ilə təmin edir.