Trans-Anadolu qaz kəmərinin (TANAP) tutumu 32 milyard kubmetrdir. Trans-Adriatik (TAP) boru kəmərinin nəqletmə gücü isə 6 milyard kubmetrdir. İndi yeni bir xəttə ehtiyac məsələsi üzərində işlər aparılacaq və onun nəticəsinə uyğun addımlar atacağıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.
Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun görüşləri, müzakirə və qərarları əsasında Azərbaycan-Türkiyə-Türkmənistan arasında yaranan yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Türkiyə dövlətinin başçısı deyib: “Biz əsasən dəhlizin (Orta Dəhliz-Transxəzər beynəlxalq nəqliyyat marşrutunun) əhəmiyyətini illərdən bəri dərk edərək bu istiqamətdə infrastruktur işlərini həyata keçirmişik. Liderlər olaraq Zirvə görüşündə Orta Dəhlizin inkişafı üçün ortaq iradəmizi bir daha ortaya qoyduq”.
Liderlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrini daha da inkişaf etdirmək üçün qərarlı olduqlarını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ilin əvvəllərində Türkiyəyə səfər edəcək.