Suriyadan son iki ildə bizə tərəf gələn iki min terror hücumundan sadəcə ikisinə, İraqdan son bir ildə gələn 937 terror hücumundan yalnız ikisinə hansısa bir Avropa ölkəsi və yaxud ABŞ məruz qalsaydı, bu ölkələr nə edərdi? Səssizmi qalardı? Səssiz qalmazdı!
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə Ankarada birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Türkiyənin terrorizmlə mübarizəni qətiyyətlə davam etdirəcəyini xatırladaraq bu istiqamətdəki nəticələrdən bəhs edən nazir Mövlud Çavuşoğlu xanım həmkarına deyib: “Bu məsələdə sizdən həmrəylik gözləyirik. Sizdən gözlədiyimiz, hazırda Belçikada çox fəal olan və bütün Avropadakı terror fəaliyyətlərini istiqamətləndirən PKK-nın qurumlarına qarşı tədbir görməyiniz və mücadilə etməyinizdir”.
Nazirlər qarşılıqlı maraq doğuran və gündəlikdəki digər məsələlərə də münasibət bildiriblər.