İngiltərə Bankı dekabrın 20-də üzərində III Çarlzın təsviri olan əsginasların yeni dizaynını təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bankın saytında yerləşdirilən məlumata görə, kralın portreti 5, 10, 20 və 50 funt-sterlinqlik polimer əsginaslarda əks olunacaq. Monarxın surəti əsginasların ön hissəsində, həmçinin Biq-Ben qülləsinin şəklinin yanında şəffaf qoruyucu pəncərədə yerləşir. Funt-sterlinqin dizaynda başqa dəyişiklik olmayacaq və arxa tərəf odluğu kimi qalacaq.
Yeni dizaynlı əsginasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacağı gözlənilir. Eyni zamanda, onlar yalnız köhnələn pulları əvəz etmək məqsədilə və tələbatın artması halında çap olunacaq.
Kral III Çarlzın və dünyasını dəyişən kraliça II Elizabetin təsvirləri olan əsginaslar Böyük Britaniyanın və monarxın rəsmi olaraq rəhbər qəbul edildiyi digər ölkələrin tədavülündə qalacaq. İngiltərə Bankının məlumatına görə, üzərində kraliça II Elizabetin portreti olan əsginaslar köhnələnə və ya zədələnənə qədər qanuni ödəniş vasitəsi sayılacaq. Bu qərar monarxın dəyişməsinin ekoloji və maliyyə nəticələrini minimuma endirmək üçün kral ailəsinin iradəsinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib və sentyabrın 19-da Vindzor qəsrinin ərazisində yerləşən VI Georq Kapellasında dəfn olunub.