G7 qrupu Ukraynaya yardımları, o cümlədən cari qış mövsümü ərzində lazım olan köməyi davam etdirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə razılaşma G7 ölkələri xarici işlər nazirlərinin onlayn formatda keçirilən görüşü zamanı əldə olunub.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bəyan edib ki, Rusiyanın-Ukraynaya münaqişəsi davam etdiyinə görə, G7 ölkələri bu istiqamətdə əməkdaşlığı gücləndirməlidir. Cari ildə keçirilən sayca 11-ci görüşdə nazirlər, həmçinin Rusiyanın Ukraynanın mülki obyektlərini, xüsusən elektrik enerjisi stansiyalarını hədəfə almasını kəskin pisləyiblər.
Y.Hayaşi bildirib ki, G7 qrupuna sədrlik edən Yaponiya gələn il də status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə göstərilən cəhdlərə qarşı ciddi mübarizə aparmaq niyyətindədir.
Həmkarlarına ötən həftə Yaponiyanın Milli Təhlükəsizlik Strategiyasını qəbul etdiyini xatırladan nazir qeyd edib ki, bu sənəd ölkəyə ehtiyac yarandığı təqdirdə cavab zərbələri endirmək hüququ verəcək. Bu zərbələr özünümüdafiə xarakteri daşıyacaq və heç vaxt qabaqlayıcı olmayacaq.
Y.Hayaşi, həmçinin bildirib ki, Yaponiya qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq qaydaların dəstəklənməsi üçün diplomatik səylərini artıracaq.