ABŞ-da qar fırtınası və şaxta səbəbindən minlərlə aviareys ləğv olunub

A- A A+

ABŞ-ın böyük bir hissəsində hökm sürən soyuq hava və qar fırtınası səbəbindən 3000-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi Amerika mediasına istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti ən çox Vaşinqton, Nyu-York, Çikaqo və Denver aeroportlarının işinə təsir göstərib.

ABŞ mətbuatının məlumatına görə, ölkədə ümumilikdə 150 milyona yaxın insan anomal şaxta və qar fırtınasının təsirinə məruz qalıb. Ştatların yarısından çoxunda bölgə üçün son dərəcə aşağı temperaturlar qeydə alınıb və təhlükə səviyyəsinin yüksəldiyi elan edilib. Bəzi rayonlarda havanın temperaturu mənfi 45 dərəcəyədək enib.

Bir neçə ştatın qubernatorları təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirləri görüb. Corciya, Kentukki, Şimali Karolina, Oklahoma, Nyu-York ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. Kolorado ştatında sakinlərə kömək etmək üçün Milli Qvardiyanın 100-ə yaxın əməkdaşı cəlb olunub. Texasın hakimiyyət orqanları fövqəladə hallar xidmətlərinə işi gücləndirməyi tapşırıb.

Yerli meteoroloji xidmətlər episentrdə atmosfer təzyiqinin kəskin azalması ilə xarakterizə olunan “partlayıcı siklon” təhlükəsi barədə xəbərdarlıq edir.

Qar fırtınası Kanadaya da təsir edib və Vankuver beynəlxalq aeroportunda bir sıra uçuşların təxirə salınmasına səbəb olub. Şənbə günü gecə Torontoda küləyin sürətinin saatda 100 kilometrə çatacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: