Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi gərginlik artır.
NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, 2 il əvvəl Yerevanda hərbi qiyam etmiş “Sasna Tsrer” terror təşkilatının azadlığa buraxılan 27 üzvü də deputatlığa iddialıdır. Öz partiyalarını yaradan bu şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə iştirak edib.
Siyasi qüvvələrin parlament uğrunda mübarizə apardıqları bir vaxtda Sünik vilayətində əhali ayağa qalxıb. Ermənistan-İran magistralını bağlayan narazı kütlə Unan Poqasyanın qubernator seçilməsinin əleyhinə çıxırlar. Bildirilir ki, Poqasyan Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın polis rəisinin müavini vəzifəsini icra edib. Hüquq-mühafizə orqanlarında yüksək səlahiyyətlərə malik olan bu şəxs qanunsuz əməlləri ilə ad çıxarıb. İndi onun Sünikə qubernator təyin edilməsi yerli əhalini qəzəbləndirib. Onlar hökuməti bu qərarı dəyişməyə çağırıblar. Onlar əks təqdirdə magistralı bağlı saxlayaqaclarını iddia edirlər. Aksiya zamanı magistralın bağlanması nəticəsində ağır tonnajlı yük avtomobilləri sərhədə yaxınlaşa bilmədikləri üçün tıxac yaranıb. Bu da sürücülər tərəfindən narazılıqla qarşılanıb. Polisin müdaxiləsinə baxmayaraq, etirazçılar yolu boşaltmayıblar.