ABŞ-ın Nyu-York ştatında yerləşən Buffalo şəhəri öz tarixinin ən dağıdıcı qasırğası ilə üz-üzə qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Keti Hokul deyib.
"Boz müharibə aparırıq. Bu, ana təbiətlə müharibədir. O, mümkün olan hər vasitə ilə bizi vurur. Bu, indiyə qədər bir çox döyüşlərdən və fırtınalardan keçən Buffalonun uzun tarixinə ən dağıdıcı qasırğa kimi daxil olacaq”, - deyə qubernator bildirib.
Görünməmiş qar fırtınası səbəbindən şəhərin keçilməz vəziyyətə düşdüyünü deyən qubernatorun sözlərinə görə, təbii fəlakət yeddi nəfərin həyatına son qoyub. Onların bəziləri avtomobillərində donaraq ölüb. Təcili xidmətlər yollarda qalan yüzlərlə insana yardım edib. Hakimiyyət orqanları ölənlərin sayının artacağından ehtiyatlanır.
Təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün regiona Milli Qvardiyanın əsgərləri cəlb olunub. Ştatın bir sıra rayonlarında yollar və avtomagistrallar bağlanıb, sakinlərə evdə qalmaq və imkan daxilində nəqliyyatdan istifadə etməmək tövsiyə olunub.
ABŞ və Kanadanın böyük hissəsi ötən həftə şiddətli şaxtaların, güclü külək və qarlı havanın təsirinə məruz qalıb. NBC telekanalının məlumatına görə, çovğun Birləşmiş Ştatlarda azı 46 nəfərin ölümünə səbəb olub. Həmçinin həftəsonu ABŞ-da kəskin hava şəraiti ilə əlaqədar 5 mindən çox aviareys təxirə salınıb.