İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Departamenti feysbuk və bəzi rəqəmsal platformalarda təşkilatın Baş katibi Hissein Brahim Tahanın adına açılmış feyk hesablarla bağlı sosial media şəbəkələri istifadəçilərinə müraciət edib.
İƏT-in Baş katibliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bu hesablar ayrı-ayrı şəxslər tərəfindən təşkilatın istiqamətlərinə uyğun olmayan məqsədlər üçün yaradılıb. Müraciətdə qeyd olunub ki, bununla əlaqədar olaraq, bu saxta hesablar vasitəsilə dostluq xahişi, mesaj və ya müxtəlif məzmunlu bildirişlər alan hər kəs fırıldaqçılıq və ya çaşdırıcı əməliyyatlara məruz qala bilər və bunun qarşısını almaq məqsədilə onların diqqətli olmaları xahiş olunur. İƏT-in Baş katibliyi, həmçinin təşkilatın adından çıxış edən hər hansı qeyri-rəsmi medianın qanunsuz fəaliyyəti ilə bağlı lazımi hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara məlumat verilməsini xahiş edib.
Sonda qeyd olunub ki, İƏT və ya təşkilatın Baş katibi ilə bağlı hər hansı məlumat, yaxud bəyanat rəsmi kanallar vasitəsilə yayılır.