NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ruben Vardanyan adlı təxribatçı biznesmenin Rusiyadan Xankəndiyə "nazir" kimi göndərilməsi Azərbaycanda birmənalı qarşılanmadı. Maraqlıdır ki, məlum dəhliz hadisələrinin başlanmasından sonra erməni cəmiyyətində də Vardanyana qarşı aqressiya artmaqdadır.
Məsələn, Qarabağdakı qondarma rejimin rəhbərliyinə namizəd olmuş Sergey Amiryan erməni mediasına verdiyi açıqlamada mövzu ilə bağlı bir sıra diqqət çəkən fikirlər səsləndirib. O qeyd edib ki, Vardanyan özünü Qarabağın "xilaskarı" kimi göstərir. Əslində isə Xankəndidəki "təyinatlar" anormallıqları ilə seçilir.
- Ağdamda bura əkinçilik bəhanəsi ilə gələn, həm də "dövlət" işlərində çalışan bir oğlanla tanış olmuşdum. 4 il qarğıdalı əkib, lakin uyğunsuzluq üzündən heç vaxt məhsul əldə edə bilməmişdi. Həmin sahələr isə nəzarətsiz qalmış, bitkilər qurumuşdu.
Bizə müharibədən sonra 10 gün ərzində Ağdamı tərk etməyimizi deyəndə bu gənclə təsadüfən görüşdük. Dost olaraq xahiş etdim ki, bəlkə o bir məmur kimi mənim üçün münasib yer məsləhət görə. Alıcılar tapılana qədər Ağdamdan çıxardığım heyvanlarımı müvəqqəti yerləşdirə bilim. Cavab bu oldu ki, "apar onu atanın kəndinə və fermada saxla". Xankəndidən bir neçə kilometr aralıda yerləşən həmin kəndin də Azərbaycanın nəzarəti altına keçdiyini deyəndə təəccüblə üzümə baxdı.
Sözügedən hadisədən təxminən 20-25 gün sonra xəbər yayıldı ki, bu gəncin kredit öhdəlikləri olsa da, Arayik Arutyunyan ona yeni biznes üçün daha 200 milyon faizsiz kredit verib. Halbuki, onlar məcburi köçkünlərə qanunla nəzərdə tutulmuş iki milyon kompensasiyanı belə vermirdilər... Nə isə ki, həmin adamı bu yaxınlarda "nazir" vəzifəsinə də qaldırdılar.
Əsas məsələyə, Vardanyanla bağlı proseslərə keçməzdən əvvəl iddia edirəm ki, bu gənc öz fəaliyyət sahəsi ilə bağlı 10 sadə sualın heç birinin cavabını bilməyəcək. İndi Ruben Vardanyan belə adamlarla Qarabağı "xilas edəcək"? Əgər Arayik belə gəncləri vəzifəyə təyin edibsə, onda niyə ümidinizi Vardanyana bağlayırsınız?, - separatçı Amiryan Xankəndinin xaotik şəkildə idarə olunmasından gileylənib.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə reaksiya vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".