2023-cü ilin iki günündə Ukrayna artıq Rusiya tərəfindən buraxılan 80-dən çox İran istehsalı kamikadze dronlarını vurub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
O, yaxın gələcəkdə dronların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib:
“Rusiyanın “Şahid”lərlə uzunmüddətli hücum planlaşdırdığına dair məlumatımız var”.
O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri son dərəcə yaxşı işləyir və Ukraynaya hər gün “uğur və nailiyyətlər” lazımdır:
“Hər vurulan dron, hər vurulan raket, hər gün xalqımız üçün elektrik enerjisi və minimum sönmə qrafiki - bunlar məhz belə qələbələrdir. Bizim hərbçilərimizin cəbhədə irəlilədiyi hər addım, saxlanan hər mövqe - bunlar elə uğurlardır ki, hazırda strateji əhəmiyyət kəsb edir”.