Ukrayna ordusunun Donestk vilayətinin Makeyevka rayonuna endirdiyi raket hücumu nəticisində öldürülən Rusiya hərbçilərinin sayı 89-a çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisinin birinci müavini, general-leytenant Sergey Sevryukov bildirib.
O, qeyd edib ki, hadisədən dərhal sonra hərbi hissənin komanda və zabitləri, kiçik komandirlər və digər bölmələrin hərbi qulluqçuları yaralıların xilas edilməsi üçün bütün mümkün tədbirləri görüblər.
"Yaralılara ilkin tibbi yardım göstərilib, onlar tibb müəssisələrinə təxliyə olunub. Təəssüf ki, dəmir-beton konstruksiyaların dağılması zamanı həlak olan yoldaşlarımızın sayı 89-a çatıb", - nazirlikdən bildirilib.
Hazırda Makeyevkadakı hadisənin başvermə şəraitini araşdırmaq üçün komissiya işləyir, bütün zərərçəkənlərə və həlak olan hərbçilərin ailələrinə yardım və dəstək göstərilir. Gələcəkdə baş verə biləcək belə hadisələrin qarşısının alınması üçün tədbirlər görülür.
Xatırladaq ki, əraziyə iki gün öncə Ukrayna tərəfindən 6 raket atılıb, onlardan ikisi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raket zərbələri Rusiya hərbçilərinin olduğu əraziyə endirilib.