Qazaxıstan ərazisində pisləşən hava şəraiti (çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma) ilə əlaqədar olaraq avtomobil yollarının 72 hissəsi bağlanıb, onlardan 40-ı respublika, 32-si isə vilayət əhəmiyyətlidir.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, yollarda fövqəladə halların aradan qaldırılması üzrə respublika qərargahı yaradılıb. Analoji qərargahlar regionlarda (Abay, Akmola, Karaqanda, Jambil və Jetısu vilayətləri) da fəaliyyət göstərir. Keçid məntəqələrində 1000-dən çox avtomobil toplanıb.
Son sutka ərzində xilasedicilər tərəfindən 691 nəfər, o cümlədən 137 uşaq xilas edilərək təxliyə olunub, 145 ədəd texnika yedəyə alınıb. İnsanların təxliyəsi üçün yolların bağlı hissələrində müvəqqəti qızınma məntəqələri hazırlanıb.
Eyni zamanda “Air Astana” bütün ölkə ərazisində əlverişsiz meteoroloji şəraitə görə uçuşların ləngiməsi və təxirə salınmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Astana hava limanında 18 reys eniş, 12 reys isə uçuş üçün yubanır.