Pakistan İslam Respublikasının Senatı və Pakistan xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani yazılı məlumat yayıb.
Senat açıqlamada bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyə layiq görülüb.
Bu müharibədə bütün dünya üçün fəlakətlə nəticələnə biləcək nüvə təhlükəsinin mövcud olduğuna diqqət yetirən Pakistan Senatının sədri Sancrani bildirib ki, Prezident Ərdoğan böyük səyləri ilə hər iki tərəfə zamanında və təsirli müdaxilələrlə tək başına qlobal bir fəlakətin qarşısını alıb. “Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız bir aclıq təhlükəsindən qurtarıb. Ona görə də Türkiyə Prezidenti bölgənin və dünyanın yaxşılığı və rifahı üçün çalışan xalq lideridir.
Prezident Rəcəb Tayyib Ərdoğanın təkcə ölkəsi və bölgəsi üçün qiymətli lider olmadığını vurğulayan Senat sədri Məhəmməd Sadiq Sancrani əsaslandırıb ki, Türkiyə dövlət başçısı əməli fəaliyyəti ilə bütün insanlığa sülh, tolerantlıq və sevgi hisslərini tərənnüm edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyini irəli sürən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ötən il dekabrın 28-də bu barədə demişdi: “Mənim müraciətim var. Fərqli ölkələrdən parlament sədrləri və millət vəkillərinin də müraciəti olacaq”.