ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri yanvarın 5-də keçirilən səsvermənin 11-ci turunda da yeni spiker seçə bilməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın aparıcı kanalları tərəfindən canlı yayımlanan səsvermə cümə günü davam edəcək.
Noyabr seçkilərindən sonra ABŞ Konqresinin aşağı palatasına nəzarəti ələ keçirən Respublikaçılar partiyasının lideri Kevin Makkartinin Nümayəndələr Palatasının spikeri seçiləcəyi gözlənilirdi. Lakin o, hələlik bəzi partiyadaşlarının mövqeyinə görə, lazım olan 218 səsi yığa bilməyib. Nümayəndələr Palatasının spikeri ABŞ-ın dövlət iyerarxiyasında üçüncü mühüm vəzifə sayılır.
Səsvermənin 11-ci turunda Kevin Makkarti onuncu və doqquzuncu turlarda topladığı qədər - 200 səs qazanıb. Onun spiker təyin edilməsini dəstəkləməyən respublikaçılar ABŞ-ın sabiq prezidenti Donald Trampı, habelə konqresmenlər Bayron Donalds (Florida) və Kevin Herni (Oklahoma) alternativ namizədlər kimi irəli sürüblər. Səsvermədə Bayron Donalds on iki səs, Kevin Hern yeddi səs, Donald Tramp isə cəmi bir səs toplaya bilib.
Əvvəlki turlarda olduğu kimi, 11-ci turda da demokrat Hakim Ceffris Konqresin aşağı palatasındakı bütün partiyadaşlarının - 212 konqresmenin səsini toplayıb.
Konqresin aşağı palatasının iclası cümə günü davam etdiriləcək. Spiker təyin olunana qədər Nümayəndələr Palatasının işi faktiki olaraq iflic vəziyyətində qalır, belə ki, konqresmenlər and içərək tamhüquqlu qanunvericilik fəaliyyətinə başlaya bilmir.
Son 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədri ilk səsvermədə seçilə bilmir. Analoji hadisə sonuncu dəfə 1923-cü ildə baş vermişdi. O zaman spiker səsvermənin doqquzuncu turunda seçilmişdi. Həmçinin 164 il bundan öncə 10 səsvermədən sonra Konqresin aşağı palatasının sədrini seçmək mümkün olmamışdı. 1859-cu ildə isə spiker 44-cü turda müəyyən edilmişdi.