“Son rus əsgəri ölkəmizdən çıxanadək müharibənin davam etməsini istəyirik. O zamanadək HIMARS Rusiyanın başı üzərində olacaq”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç deyib.
O, Rusiyanın elan etdiyi atəşkəs rejiminə də münasibət bildirib: “Biz bunu təklif edəndə Rusiya razılaşmamışdı. İndi isə Rusiya bizi müharibədə maraqlı olan ölkə kimi təqdim etməyə çalışır”.
Ukrayna Prezident Ofisinin digər müşaviri Mixaylo Podolyak isə bildirib ki, digər günlər kimi bu gün də hər yerdə hava xəbərdarlığı səsləri eşidilir: “Uşaqlar yenə soyuq sığınacaqlardadırlar. Xersonda yanğınsöndürmə məntəqəsi atəşə tutulub. Rusiyanın "atəşkəsi"nin mahiyyəti budur: sükut obrazı yaradaraq arxadan zərbə endirir”. Onun fikrincə, Rusiyanın sözlərini ciddi qəbul etmək olmaz.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.