Yanvarın 6-da Respublikaçılar partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir ki, Nümayəndələr Palatasının spikerini yalnız səsvermənin 15-ci turunda seçmək mümkün olub. Qanunvericilərin altısı namizədlərin heç birini dəstəkləmədiyi üçün 216 səs Kevin Makkartinin sədr seçilməsinə kifayət edib.
Əvvəlki turlarda olduğu kimi, 15-ci turda da Hakim Ceffrisə Konqresin aşağı palatasındakı demokratların 212 təmsilçisi səs verib.
Nümayəndələr Palatasının spikeri ABŞ-ın dövlət iyerarxiyasında üçüncü mühüm vəzifə sayılır. Kevin Makkartinin hələ yanvarın 5-də bu vəzifəni tutacağı gözlənilirdi, lakin bir neçə partiyadaşının mövqeyinə görə o, lazımi qədər səs toplaya bilmirdi. Siyasətçinin konqresmenlərin dəstəyinə nail olmaq üçün güzəştlərə getdiyi deyilir. CNN telekanalının məlumatına görə, bəzi respublikaçılar sabiq prezident Donald Trampla telefon danışığından sonra mövqelərini dəyişib.
Son 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədrini ilk səsvermədə seçmək mümkün olmayıb. Analoji hadisə sonuncu dəfə 1923-cü ildə baş vermişdi. O zaman spiker səsvermənin doqquzuncu turunda seçilmişdi. Həmçinin 164 il bundan öncə - 1859-cu ildə spiker 44-cü turda müəyyən edilmişdi.