2023-cü ilin yaz-yay naviqasiya dövründə Astanadan Dohaya, Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Bakıya və Çimkənddən Düşənbəyə aviareyslərin açılması gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, ölkədaxili aviasiya daşımalarının pandemiyadan əvvəlki səviyyəsi (57 marşrut üzrə həftədə 687 reys) tam bərpa edilib. Həmçinin Astana, Almatı, Aktau, Türküstan və Atıraudan İstanbula, Astana və Almatıdan Antalyaya, Almatıdan Bakıya, Tbilisiyə və bir sıra digər marşrutlar üzrə uçuşların sayının artırılması, Almatıdan Pakistana – Karaçi və Lahora reyslərin açılması planlaşdırılır. Bu ilin planlarına Astana-Bişkek, Aktau-İrəvan, Almatı-Səmərqənd, Çimkənd-Kutaisi marşrutları üzrə uçuşların bərpası da daxildir.
Xarici aviaşirkətlər isə gələn il Kuala-Lumpurdan və Banqkokdan Almatıya, Almatıdan Tokio və Təl-Əvivə reyslər açmağı planlaşdırırlar.
Agentliyin məlumatına əsasən, Qazaxıstanda 108 marşrut üzrə 30 ölkəyə həftədə 477 reys tezliyi ilə beynəlxalq uçuşlar bərpa edilib.
Xatırladaq ki, Qazaxıstan “açıq səma” rejimini beş il müddətinə -2027-ci ilədək uzadıb.