Avropada işçi qüvvəsinin kəskin çatışmazlığı müşahidə olunur

A- A A+

Avropada işçi qüvvəsinə kəskin ehtiyac hiss olunur.

NUHÇIXAN İnformasiya Agentliyi “Avrostat” agentliyinin məlumatına istinadla xəbər verir ki, Avropa İttifaqında boş vakansiyaların sayı 3,1 faiz təşkil edir. Otuza yaxın peşə növü üzrə işçi qüvvəsinin kəskin çatışmazlığı müşahidə olunur. Avropa Komissiyasının hesablamalarını görə, hazırda Avropa ölkələrinin əhalisinin 70 faizi əmək qabiliyyətli yaşdadır, 2070-ci ildə isə bu göstərici 54 faizə düşəcək.

Bu vəziyyətlə üzləşmiş Avropa ölkələrinin çoxu xaricdən işçi qüvvəsini cəlb etmək məqsədilə işçilərin bu ölkələrə gəlməsini sürətləndirmək üçün yeni qaydalar müəyyən edir.

Avropa Parlamentində İspaniya sosialistlərini təmsil edən Hayver Morenonun sözlərinə görə, bu ölkədə işləmək üçün vahid icazə qaydalarının yeni redaksiyası üzərində iş aparılır.

Niderland, Belçika və Çexiyada boş vakansiyalar göstəricisi 5 faizə yaxınlaşır. Almaniya da, necə deyərlər, çox uzağa getməyib: burada həmin göstərici 4,5 faizə, Fransa və İtaliyada təqribən 2,5 faizə, İspaniyada isə cəmi 0,8 faizə bərabərdir.

Ən çox ehtiyac duyulan peşə nümayəndələrinə tibb işçiləri, sanitariya texnikləri, xəstələrə qulluq, sistemli təhlil, qaynaq işləri və avtomobil nəqliyyatı ilə yüklərin daşınması işçiləri daxildir.

Hər bir ölkədə özünəməxsus vəziyyət yaranıb. Lakin rəyi soruşulmuş ekspertlərin fikrincə, Avropada işçi qüvvəsinin çatışmamasının əsas səbəbi əhalinin qocalması faktıdır. Hazırda yaşı 65-dən yuxarı olan əhalinin hər nəfərinə qarşı əməkqabiliyyətli yaşda olan cəmi üç nəfər var və bu meyil getdikcə dərinləşir. Madrid Universitetinin tətbiqi iqtisadiyyat üzrə professoru Ramon Maxiyanın fikrincə, İspaniyada doğum əmsalının azalması davam etdiyinə görə, ölkənin potensial aktiv əhalisi hər il azalır.

Bütövlükdə əhalinin qocalması faktına əmək bazarında inqilab üçün səciyyəvi səbəblər də əlavə edilməlidir. Konkret profillər üzrə kadrlar çatışmaması əmək bazarında rəqəmsal texnologiyalara keçidin nəticəsidir.

İspaniya, Portuqaliya və İtaliyada boş vakansiyaların artmasının daha bir səbəbi müəyyən sektorlarda əməkhaqqının aşağı və əmək şəraitinin qeyri-qənaətbəxş olmasıdır. Bu problemlər səhiyyə, mehmanxana və kənd təsərrüfatı sahələrində daha qabarıq şəkildə təzahür edir.

Miqrasiya axınlarını araşdıran “Labor Mobility Partnerships” təşkilatının eksperti Salvatore Petronella belə hesab edir ki, əhalinin qocalması faktından əziyyət çəkən Avropa ölkələri son nəticə etibarilə əcnəbi işçi qüvvəsi üçün qapıların açıq olması sistemini tətbiq edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: