Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhərinin müdafiəsini saxlamağa davam edir. Şəhərdə ağır döyüşlər gedir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda bildirib.
“Soledarı saxlamaq uğrunda davam edir. Düşmən şəxsi heyətinin ağır itkilərini nəzərə almır və fəal şəkildə hücuma davam edir.
Mövqelərimizin ətrafına sadəcə olaraq düşmən döyüşçülərin cəsədləri səpələnib. Böyük və qüdrətli düşmənə qarşı yalnız çox güclü bir millət bu qədər fədakarcasına mübarizə apara bilər”, - müdafiə nazirinin müavini qeyd edib.
Q.Malyar Ukrayna hərbçilərinin “müdafiəni igidcəsinə saxladığını” vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskvanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.