Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam ələ keçirməyib, eyni zamanda yaşayış məntəqəsi üzərində guya nəzarəti ələ keçirməsi ilə Baxmut şəhərinin mühasirəyə alınması barədə məlumat və bəyanatlar həqiqəti əks etdirmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.
Mütəxəssislərin fikrincə, rusiyalıların şəhərin süqutu və beləliklə Baxmutun qaçılmaz mühasirə təhlükəsi ilə üzləşdiyi barədə bir neçə yalan bəyanatlarına baxmayaraq, işğalçılar Soledarı tam ələ keçirməyib.
Bir sıra Rusiya mənbələri yanvarın 10-da Kremlə bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularının Soledardan qərbə doğru irəlilədiyini iddia edib. ÖHŞ-nin rəhbəri Yevgeni Priqojın bu iddiaları təkzib edərək “Vaqner” qrupunun hələ də ukraynalı müdafiəçilərə qarşı döyüşdüyünü açıqlayıb.
MAİ yalnız yanvarın 10-da Soledarın mərkəzində “vaqnerçilər”in varlığının vizual təsdiqini müşahidə edib.
Təhlilçilər əlavə ediblər ki, rusiyalıların ən “gur” bəyanatları və iddiaları doğru olaraq qəbul edilsə belə, Soledarın ələ keçirilməsi Baxmutun dərhal mühasirəyə alınmasından xəbər verməyəcəkdi.
Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskvanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.
“Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.